İsrailin səkkiz universitetinin prezidenti ədliyyə naziri Yariv Levinin baş prokuror Qali Baharav-Miaranı vəzifəsindən azad etmək cəhdinə qarşı birgə bəyanat yayıb. Bu addımın “təhlükəli” olduğunu bildirən rektorlar işdən çıxarılacağı təqdirdə tətil və etiraz aksiyası keçirəcəklərini açıqlayıblar.
İsraildə səkkiz ali təhsil müəssisəsinin rektorları ədliyyə naziri Yariv Levinin baş prokuror Qali Baharav-Miaranı vəzifəsindən azad etmək cəhdinə qarşı sərt bəyanatla çıxış ediblər.
Rektorlar Levinin bu istiqamətdə atdığı addımları “təhlükəli” adlandırıblar.
İsrailin təhsil naziri Yoav Kiş rektorların təhdidlərinə “Siyasi motivli tətil təhdidləri bizi qorxuda bilməz” deyə cavab verib.
“Baş prokuror əvvəldən hökumətə qarşı çıxıb və ona görə də vəzifəsində qalmağa layiq deyil. Məhz buna görə impiçment prosesi başlayıb”, – deyə təhsil naziri Kiş bildirib. “O, öz istəyi ilə istefa versəydi, daha yaxşı olardı”, – Kiş əlavə edib.
“Yedioth Ahronoth” qəzetinin məlumatına görə, ədliyyə naziri Levin ötən çərşənbə günü baş prokurorun işdən çıxarılması prosesinin təşəbbüskarı olub.
Qəzet yazır: “İsrail öz tarixində ən ciddi hökumət və hüquqi böhranlardan biri ilə üz-üzədir.
İsraildəki müxalifət lideri Yair Lapid də ədliyyə nazirinin bu addımına sərt reaksiya verib.
Lapid deyib ki, impiçment cəhdi “müharibə zamanı İsrail cəmiyyətini parçalamaq məqsədi daşıyır”.
Lapid bu səyləri “cinayətkar, zorakılıq və konstitusiyaya zidd” adlandırıb və onların qarşısını almaq üçün əlindən gələni edəcəyini bildirib.