Ötən ilin May ayında Türkiyənin İsrail rejimi ilə ticarət əlaqələrini kəsdiyini açıqladığına baxmayaraq, Türkiyədə Fələstini dəstəkləyən hərəkatlardan biri Türkiyənin neft daşıyan gəmilərinin işğal olunmuş ərazilərə yan alması ilə bağlı sənədləri ifşa edib.
Türkiyə hökuməti 2024-cü ilin May ayında sionist rejimin Qəzzə zolağındakı cinayətləri səbəbi ilə bu rejimlə bütün iqtisadi mübadilələrini dayandıracağını açıqlamışdı. Türkiyənin sionist rejimin xarici ticarətində əhəmiyyətli rolu olduğundan onun bu qərarı icra olunsaydı, müsəlman ölkələrinin Fələstin xalqını dəstəkləməkdə və sionist rejimi ilə mübarizədə dönüş nöqtəsi ola bilərdi.
Bu qərarın Türkiyə hökuməti tərəfindən açıqlanması təkcə Türkiyə daxilində deyil, həm də dünya səviyyəsində, xüsusilə də ərəb ölkələri və Fələstin haqlarını müdafiə edən cəmiyyətlərdə geniş müsbət təsir bağışladı. Analitiklərin bir çoxu bu addımı Türkiyənin sionist rejimi qarşısında dayanması və Fələstini dəstəkləyən bir hökumət kimi öz mövqeyini tanıtdırması üçün göstərdiyi əzm nişanəsi kimi təqdim etdi. Lakin zaman ötdükcə Türkiyənin açıqladığı siyasətlə əməli rəftarı arasında açıq-aşkar ziddiyyətlərin olduğunu göstərən sənədlər və sübutlar dərc olundu.
Müstəqil qrumlar və Fələstini dəstəkləyən hərəkatlar tərəfindən dərc edilən çoxsaylı hesabatlar Türkiyənin elan edilən sanksiyalara nəyinki əməl etmədiyini, əksinə, sionist rejimi ilə ticarət əlaqələrini qeyri-rəsmi və gizli şəkildə davam etdirdiyini göstərir. Bu ziddiyyətlər təkcə Türkiyənin beynəlxalq etimadına təsir göstərməyib, həm də ölkə hökumətini daxildən və xaricdən olan ciddi tənqidlərlə üzləşdirib.
Xam neft yüklərinin Ceyhan dəniz limanından sionist rejiminə göndərildiyini və bu rejimin döyüş maşınında istifadə olunması üçün emal edildiyini göstərən hesabatların dərc olunması Türkiyənin mənəvi və humanitar öhdəliklərini aşkar şəkildə pozduğunu göstərir. Qeyd olunan bu məsələ təkcə Ankara tərəfindən açıqlanan rəsmi mövqelərlə ziddiyyət təşkil etmir, həm də bu sövdələşmələrin arxasındakı iqtisadi və siyasi maraqların olması haqqında fikirlər yaradıb.