İsrail Maliyyə Nazirliyi 2024-cü ildə müharibə xərclərinin 100 milyard şekel (30 milyard dollar) olduğunu açıqlayıb. Bu xərclər hesabına dövlət borcu 1,33 trilyon şekelə, borcun ümumi daxili məhsula nisbəti isə 69 faizə yüksəlib.
İsrail Maliyyə Nazirliyi bildirib ki, 2024-cü il ərzində Həmas və Hizbullah ilə müharibələrin maliyyələşdirilməsi hökumətə təxminən 100 milyard şekelə (30 milyard dollar) başa gələcək.
Nazirliyin açıqlamasına görə, ümumi dövlət borcu 2023-cü ildəki 1,13 trilyon şekeldən 2024-cü ildə 1,33 trilyon şekelə yüksəlib.
Bu, iqtisadi və maliyyə sağlamlığının əsas göstəricisi olan borcun ümumi daxili məhsula (ÜDM) nisbətini ötən ilin sonuna kimi 69 faizə çatdırdı. Müharibə səylərini maliyyələşdirmək üçün artan borclanma ehtiyacı və xərclər bu artımda təsirli oldu.
2023-cü ildə 61,3 faiz olan borcun ÜDM-ə nisbəti son iki ildə məcmu olaraq 9 faiz artıb.
“2024-cü ildə borcun ÜDM-ə nisbəti hökumətin həm təhlükəsizlik, həm də mülki cəbhələrdə böyük müharibə ehtiyaclarına cavabını əks etdirir” dedi Maliyyə Nazirliyinin baş mühasibi Yali Rotenberq.
“Növbəti illərdə müdafiə büdcəsində artım gözlənməsinə baxmayaraq, borcun ÜDM-ə nisbətini mümkün qədər tez azaltmaq üçün bir dönüş planına ehtiyacımız var”, – Rotenberq bildirib.
İsrail Bankı daha əvvəl müdafiə xərcləri, mülki ehtiyaclar və itirilmiş vergi gəlirləri də daxil olmaqla 2023-2025-ci illər arasında müharibə səylərinin dəyərinin 250 milyard şekel olacağını proqnozlaşdırmışdı.
Digər tərəfdən, Calcalist portalının apardığı təhlilə görə , rəsmi orqanların büdcə kəsiri ilə bağlı nikbin bəyanatlarına baxmayaraq, real vəziyyət daha “qaranlıq” görünür. Qəzetin təhlili göstərir ki, real büdcə kəsiri ÜDM-in 7,2 faizinə və ya təxminən 142 milyard şekelə (39 milyard dollar) çatıb.