Paris məhkəməsinin aksiyaya icazə qərarından sonra 2000-ə yaxın insan irqçilik, islamofobiya və uşaqlara qarşı zorakılığa qarşı etiraz aksiyası keçirib.
Rfi.fr-ın məlumatına əsasən, nümayişçilər 21 aprel tarixində Parisdə müxtəlif təşkilatların çağırışı ilə “irqçiliyə, islamofobiyaya qarşı” etiraz aksiyası zamanı əllərində “Yaşasın Fələstin xalqının müqaviməti” yazılmış plakatlarla həmçinin İsrail rejiminin akademik boykot edilməsini tələb ediblər.
Məlumata görə, İsrailin Qəzzada soyqırımı başlandığı gündən Fransada etiraz aksiyalarına qadağalar tətbiq edilir və aksiya yalnız məhkəmə qərarı ilə keçirilməlidir.
Böyük müsəlman və yəhudi icmalarının yaşadığı bir ölkədə hakimiyyət antisemitizm nifrət cinayətləri və zorakılıq riskini əsas gətirərək Fələstin tərəfdarı olan bir çox nümayişləri və ictimai toplantıları qadağan edib.
Paris polis rəisi Laurent Nunez BFM TV yayımçısına deyib ki, o, əvvəlcə yürüşü qadağan etməyi seçib, çünki etirazı elan edərkən təşkilatçılar Fransa polisinin zorakılığını Qəzzadakı müharibəyə bənzədiblər və o, tədbirin ictimai asayiş üçün təhlükə yarada biləcəyini hiss edib.